ARTİ-nin təşəbbüsü, Mil-Muğan RTİ-nin təşkilatçılığı ilə Sabirabad rayon Heydər Əliyev mərkəzində sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə görüş keçirilib.
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib və təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin təhsilverənlərin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıb.
Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli sertifikatlaşdırma prosesi, imtahan və müsahibə mərhələsinin məzmunu, müəllimlər üçün əlavə dəstək tədbirləri, qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə müəllimləri məlumatlandırıb.
ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin şöbə müdiri Aynur Rüstəmova sertifikatlaşdırmanın mərhələləri, məzmunu ilə bağlı məsələlər barədə fikirlər səsləndirib, müəllimlər üçün əlavə dəstək tədbirləri və digər məsələlər haqqında məlumat verib.
Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi Pərvinə Qədimova, həmçinin təhsilverənlərin sertifikatlaşdırılma prosesi üçün nəzərdə tutulmuş qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçıları məlumatlandırıb.
Görüşdə imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.