Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil, məktəbdənkənar və məktəbəqədər müəssisələrin rəhbərləri ilə görüş keçirilib.
2022-2023-cü tədris ilinin yekunları, 2023-2024-cü tədris ilinin fəaliyyət istiqamətləri və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunan görüşdə Mil-Muğan RTİ-nin müdiri Rəşad Musayev, idarənin müvafiq struktur bölmə rəhbərləri, ümumi, məktəbdənkənar təhsil müəssisələrinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.
Tədbirdə çıxış edən Rəşad Musayev təhsil sahəsində həyata keçirilən islahatların Azərbaycan təhsilinə gətirdiyi yeni məzmunun tətbiqi, təhsil sistemində gedən modernləşmənin davamı, ümumi təhsilin məqsədyönlü inkişafını nəzərdə tutan yeniliklər barədə ətraflı məlumat verərək, tədrisn keyfiyyətinin yaxşılaşdırılmasının, ümumi təhsil məktəblərinin idarəetmə sisteminin, məktəb-valideyn və müəllim-şagird münasibətlərinin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu təhsil müəssisələrinin rəhbərlərinin diqqətinə çatdıraraq, qarşıda duran vəzifələr barədə müvafiq tapşırıqlar vermişdir.
Sonra vətəndaş məmnunluğunun təmin olunması, korrupsiya hallarının qarşısının alınması, gələcəkdə bu kimi halların baş verməməsi üçün müvafiq tədbirlərin görülməsi istiqamətində tapşırıqlar vermişdir.
Görüşdə həmçinin, 2022-2023-cü tədris ilinin yekunları, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri, respublika fənn olimpiadası, fənn müsabiqələri, Lütfi Zadə adına məntiq olimpiadasının, “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələri, bağçalara, məktəbəhazırlıq qruplarına, birinci siniflərə qəbul, şagird yerdəyişməsi, pedaqoji və texniki işçilərlə əmək münasibətlərinin tənzimlənməsi, məktəbəqədər təhsil müəssisələrində qida təminatı və. s məsələlər də müzakirə olunmuşdur.
Daha sonra tədbir iştirakçıları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılmış, müvafiq təkliflər səsləndirilmişdir.