16.09.2023

Narlıq kənd orta məktəbinin yeni 300 şagird yerlik binası istifadəyə verilib

Sentyabrın 15-də Sabirabad rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş Narlıq kənd orta məktəbinin yeni 300 şagird yerlik binası istifadəyə verilib.

 

Məktəb binasının açılış mərasimində Sabirabad Rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov, Heydər Əliyev Fondunun Heydər Əliyev irsinin tədbiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Elvin Rüstəmov, RİH başçısının müavinləri, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov və məktəbin adını daşıdığı, rayonun ilk şəhidi, polis leytenantı Əhmədağa Səmədovun həyat yoldaşı Lətafət Səmədova iştirak ediblər.

 

Sabirabad rayonunun Narlıq kəndində 1975-ci ildə inşa tam orta məktəb istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən bu ilin əvvəlində inşasına başlanılıb.

Bilik Gününə hazır olan ikimərtəbəli yeni məktəb binası 300 şagird yerlikdir və dörd korpusdan ibarətdir. Yeni tədris ilini yeni məktəb binasında başlayan şagird və müəllimlər üçün keyfiyyətli tədris prosesi üçün lazımi şərait yaradılıb.

 

Rabil Şahbazov çıxışında məktəbdə 17 sinif otağının olduğunu, 2 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 90 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcəyini bidirib. Təhsil müəssisəsinin müasir istilik və işıqlandırma sistemi ilə təchiz edildiyini, həyətində kiçik idman meydançasının olduğunu və müasir qazanxana sistemi ilə təhciz edildiyini diqqətə çatdırıb.

 

2023-2024-cü tədris ilində təhsil müəssisəsində 275 şagirdin, məktəbəhazırlıq qrupunda isə 26 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılıb.

 

Təhsil müəssisəsində 21 nəfər pedaqoji, 12 nəfər texniki işçi çalışır.

 

Tədibrdə çıxış edənlər dövlətimizin təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışılıb.

 

Bildirilib ki, 2023-2024-cü tədris ilində Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 23, Heydər Əliyev Fondu tərəfindən isə 19 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur. Bu ilin sonunadək Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 8 təhsil müəssisəsinin açılışı planlaşdırılır.

 

Sonda tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar.


Açar sözlər: ,  ,  ,