03.11.2023

Xalid Qabil oğlu Nəciyevin ailəsi və məzarı ziyarət olunub

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Saatlı və Sabirabad rayonları üzrə təhsil şöbəsində ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs vəzifəsində çalışmış Vətən müharibəsi şəhidi Xalid Qabil oğlu Nəciyevin ailəsini və məzarını ziyarət edib.

 

Qeyd edək ki, Xalid Nəciyev Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə şücaət göstərərək Səfiyan istiqamətində döyüşdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Şəhid ailəsi ilə görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Rəşad Musayev 44 günlük Vətən müharibəsində adları Vətən tarixinə qızıl hərflərlə yazılmış şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu bildirilib. Qələbənin şəhidlərin qanı, canı bahasına əldə edildiyini vurğulayaraq, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırib.

 

O, şəhidin evində Xalid Nəciyevin döyüş yolunu əks etdirən guşəyə baxış keçirib. Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda, müqəddəs üçrəngli bayrağımızın Xankəndində dalğalandığını, döyüşlər zamanı düşmən qarşısında sinə gərən şəhid və qazilərimizin, əsgər və zabitlərimizin misilsiz şücaətinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb.

 

Şəhidin ailə üzvləri göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Sonda şəhidin məzarı ziyarət edilərək, məzarı üzərinə gül dəstələri qoyularaq, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.


Açar sözlər: ,  ,