16.11.2023

Respublika fənn olimpiadalarında iştirak edəcək şagirdlərlə növbəti görüş keçirilib

İmişli şəhər 7 nömrəli tam orta məktəbdə rayon üzrə Respublika fənn olimpiadalarında iştirak edəcək şagirdlərlə növbəti görüş keçirilib. Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyət sektorunun müdiri Mahir Zahidov, İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov iştirak ediblər.

 

Görüşdə Mahir Zahidov çıxış edərək şagirdlərə fənn olimpiadalarında uğurlar arzulayıb. Şagirdlər arasında keçirilən müsabiqələrin məqsədi, eyni zamanda region təhsilinin ötən ilə olan nailiyyətlərindən danışıb. İstedadlı uşaqların aşkara çıxarılmasında olimpiadaların və fənn müsabiqələrinin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.

 

O, bildirib ki, artıq olimpiadada iştirak edəcək şagirdlər üçün https://portal.edu.az/ saytı vasitəsilə qeydiyyata start verilib və olimpiadanın birinci mərhələsinin keçirilmə vaxtı müəyyənləşib. 2023-2024-cü tədris ilində Mil-Muğan RTİ-nin fəaliyyətinin əsas istiqamətlərindən biri də istedadlı şagirdlərlə işin düzgün qurulması və bunun üçün şagirdlərin biliklərinin artırılmasında müsabiqələrin, olimpiadaların keçirilməsinin böyük əhəmiyyəti olduğunu, fənn müsabiqələrinin istedadlı şagirdləri aşağı siniflərdə müəyyənləşdirməyə kömək etdiyini qeyd edib. Bilik yarışlarının şagirdlərin beynəlxalq səviyyədə keçirilən olimpiadalarda yüksək səviyyədə iştirakına da zəmin yaratdığını bildirib.

 

2022-2023-cü tədris ilində olimpiadanın rayon-şəhər mərhələsində ayrı-ayrı fənlər üzrə keçid balları barədə, həmçinin olimpiadanın final mərhələsində birinci, ikinci və üçüncü yer qazanan qaliblərin qalib olduqları fənnə uyğun müəyyən ixtisaslar üzrə birbaşa ali təhsil müəssisələrinə qəbul olmaq hüquqlarının olması barədə şagirdlərə ətraflı məlumat verib.

 

Olimpiadaların və fənn müsabiqələrinin keçirilməsində məqsəd şagirdlərin müxtəlif fənlərə olan marağının artırılması, onlara bilik və bacarıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması, məktəblilər arasında sağlam rəqabət hissinin formalaşdırılması və istedadlı şagirdlərin üzə çıxarılmasıdır.


Açar sözlər: ,  ,  ,