Sabirabad rayonu Cavad kənd Ş. Cəbrayılov adına 2 nömrəli tam orta məktəbin əsaslı təmir olunmuş binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Sabirabad rayon təhsil sektorunun müdiri Pəhlivan Qarayev, Mil-Muğan RTİ-nin Tədrisin Keyfiyyət sektorunun müdiri Mahir Zahidov, Tikinti və Təhcizat sektorunun müdiri Cavid Məmmədov, həmçinin məktəb kollektivi iştirak ediblər.
Əvvəlcə məktəbin direktoru Aydın Bağırov çıxış edərək təhsil müəssisəsinin tarixi və uğurları barədə tədbir iştirakçılarına məlumat verib.
Açılış mərasimində iştirak edən Rəşad Musayev məktəb binasının açılışı münasibətilə müəllimləri, məktəbliləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb.
O, son illər Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin binasının tikildiyini və əsaslı təmir olunduğunu vurğulayıb. Son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.