01.02.2024

İşə qəbul proseduru ilə bağlı Əməkdaşlıq Memorandumu imzalanıb

Yanvarın 31-də Mil-Muğan Regional Təhsil İdarəsi ilə Mil-Muğan Regional Məşğulluq Filialı arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

 

Əməkdaşlıq Memorandumu Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bütün təhsil müəssisələrinə (məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar və xüsusi tipli təhsil müəssisələri) Mil-Muğan Regional Məşğulluq Filialı tərəfindən texniki və yardımçı pedaqoji heyət vəzifələri üzrə uyğun namizədlərin növbəlilik reyestr prinsipi ilə seçilməsi, onların rəsmiləşdirilməsi, eyni zamanda, proses zamanı tərəflərin məsuliyyət və öhdəliklərinin müəyyən edilməsi məqsədi ilə imzalanıb.

 

Qeyd edək ki, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində texniki və yardımçı pedaqoji heyət vəzifələri üzrə yaranmış və ya boşalmış vakansiyalar müəssisə rəhbərləri tərəfindən Əmək və Məşğulluq altsisteminə daxil edilir. Mil-Muğan Regional Məşğulluq Filialı tərəfindən həmin vakant vəzifələr üzrə məşğulluq imkanlarının qiymətləndirilməsi konsepsiyasının nəticəsində Fərdi Məşğulluq Proqramına uyğunluq gözlənilməklə sosial müdafiəyə daha çox ehtiyacı olan ən uyğun namizədin işə qəbul edilməsi üçün göndəriş verilir. Göndərişi alan şəxsin işə qəbulu qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq təhsil müəssisəsinin rəhbəri tərəfindən rəsmiləşdirilir.


Açar sözlər: ,  ,