17.04.2024

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib

Görüş Mil-Muğan Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Yazıçılar Birliyinin, Mil-Muğan Regional Təhsil İdarəsinin, Sabirabad Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda keçirilib.

 

Xalq yazıçısı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq tövsiyələri əsasında Sabirabad rayonunda yaradılan “Hophopnamə” Kitab Mərkəzini ziyarət edib və ona Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib.

 

Tədbirdə çıxış edənlər Xalq yazıçısı Anarı salamlayaraq dövlətimizin, xalqımızın misilsiz sərvəti olan klassik irsə, bədii ədəbiyyata xüsusi önəm verməsindən, ədəbiyyatımızın - yazıçı və şairlərinin xalqın şüurunda milli hissiyyatları oyatmaq kimi böyük xidmətindən danışaraq Anar müəllimin bu sahədəki xidmətinin əvəzsizliyini qeyd ediblər.

 

Tədbirdə Xalq yazıçısı Anar keçdiyi həyat yolundan, Ulu öndər Heydər Əliyevlə, eyni zamanda Şuşa şəhəri ilə bağlı ən zəngin xatirələrindən danışıb, maraqlı məqamlara toxunub. Ədəbiyyat, söz, sənət, mədəniyyət haqqında, həmçinin əsərləri və yaradıcılığı ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırıb.

 

Yazıçı maraqlı müzakirələrlə yaddaqalan görüşə görə təşkilatçılara təşəkkür edib, səslənən xoş fikirlərə görə minnətdarlığını bildirərək, eyni zamanda “Hophopnamə” Kitab Mərkəzinin yaradılmasının regionda mədəni mühitin canlanması istiqamətində atılan mühüm addım olduğunu qeyd edib.


Açar sözlər: ,  ,  ,