20.04.2024

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar silsilə tədbirlər davam edir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Sabirabad rayonunda keçirilən tədbirdə rayon üzrə rəsm çəkmək bacarığı ilə seçilən 25 nəfər şagirdin rəsmləri nümayiş olunub.

Tədbiri giriş sözü ilə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açaraq rəsm müsabiqəsinin Kür çayı sahilində keçirilməsinin təsadüfü olmadığını bildirib. O, tədbirin yaşıl təbiətin qoynunda təşkil olunmasında məqsədin gənclərimizin yaşıl hisslərini öz rəsm əsərlərində təqdim edə bilməsi olduğunu qeyd edib.

 

Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev çıxışında “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlərin təkcə Sabirabad rayonunda deyil, eyni zamanda regionun digər rayonlarında da keçirilməsinin planlaşdırıldığını bildirib. O, son illərdə Mil-Muğan RTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin nailiyyətlərinin, uğurlarının artdığını iştirakçıların diqqətinə çatdırıb.

 

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müavini Telman Əzimov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Sabirabad şəhər bələdiyyəsinin sədri Kamran Mirzəyev çıxış ediblər. Onlar çıxışlarında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini və bu istiqamətdə görülən işlərin daha gücləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Tədbirdə fərqlənən 3 rəsm Mil-Muğan RTİ-nin, gənclər və idman idarələrinin birgə diplomları və “Əminlər” şirkətinin hədiyyələri ilə mükafatlandırılıb.


Açar sözlər: ,  ,  ,