22.05.2024

200 nəfər qız şagirdin iştirakı ilə şahmat turniri keçirilib

Saatlı rayonunda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə şahmat turniri keçirilib.

 

Turnirdə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrində təhsil alan 200 nəfər qız şagirdləri iştirak edib.

 

Turnirin məqsədi qızlar arasında intellektual oyunlara marağın daha geniş şəkildə təşviq edilməsi və kütləvi hal alması, bu idman növündə onların fəal iştirakına nail olunmasıdır.

Turnirdə çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycanda şahmatın inkişafından, dövlətin bu sahəyə qayğısından danışıb. O, Saatlı rayonunda belə bir turnirin keçirilməsinin əhəmiyyətini qeyd edərək, iştirakçılara yeni nailiyyətlər arzulayıb.

 

Daha sonra Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva çıxış edərək, 200-dən artıq şahmatçı qızın turnirdə iştirakının çox qürurverici hal olduğunu qeyd edib. Turnirin qızlar arasında intellektual oyuna marağın təşviqində, onlarda analitik düşünmə qabiliyyətinin formalaşdırılmasında rolunu vurğulayan A. Sofiyeva, Dövlət Komitəsinin Şahmat Federasiyası ilə birgə, xüsusilə regionlarda mütəmadi olaraq belə tədbirlər keçirməsinin əhəmiyyətini diqqətə çatdırıb.

 

Daha sonra Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova çıxış edərək, şahmatçı qızları təbrik edib. Federasiyanın qadın şahmatının inkişafına böyük önəm verdiyini vurğulayan Z. Məmmədyarova turnirin önəmini qeyd edərək gələcəkdə də belə bir tədbirlərin keçiriləcəyini bildirib.

 

Turnir zamanı Aynur Sofiyeva şahmat taxtası arxasına keçərək qızlarla şahmat oynayıb və onlara öz tövsiyələrini verib.

 

Yekunda qaliblər medal, diplom, hədiyyələrlə mükafatlandırılıb. Hər bir iştirakçıya sertifikat və şahmat hədiyyə edilib.


Açar sözlər: ,  ,  ,