Mil-Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə, həmçinin onların idman nailiyyətlərinə baxış keçirilib.
Konfranslar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Mil – Muğan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, regionun ümumi təhsil müəssisələrinin rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Elvin Rüstəmov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan tədbirlər, təhsil sahəsində aparılan islahatlar, ümumi təhsil müəssisələrində həyata keçirilən layihələrdən danışıb.
Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək təhsil işçilərinə uğurlar arzulayıb.
Hesabatla çıxış edən Mil – Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev region üzrə şagird nailiyyətləri, ali təhsil müəssisələrinə qəbul nəticələri, respublika fənn olimpiadaları, fənn müsabiqələrinin region üzrə nəticələri, məktəbdənkənar müəssisələrin qazandığı nailiyyətlər, təhsilin təşkili və idarə olunması üzrə statistik məlumatlar, nəzarət tədbirləri çərçivəsində görülmüş işlər, ümumi təhsil müəssisələrində aparılmış təmir-tikinti işlərindən danışıb.
Daha sonra Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023–2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbir müzakirələrlə davam etdirilib.