Saatlı rayonunda Rasim Səfərov adına Qara Nuru kənd tam orta məktəbin yeni binasının açılışı mərasimi keçirilib.
Açılış mərasimində Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Elm və Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Elvin Rüstəmov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, şəhid ailə üzvləri və məktəb kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən Elmir Bağırov son illərdə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.
Açılış mərasimində iştirak Elvin Rüstəmov yeni tədris ili və məktəb binasının açılışı münasibətilə müəllimləri və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. O, son illər ölkəmizdə çoxlu sayda məktəb binasının tikildiyini və əsaslı təmir olunduğunu bildirib.
Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, yenidən tikilmiş məktəb 1176 şagird yerlikdir. Məktəb üç mərtəbəlidir. Məktəbin 1-ci mərtəbəsində direktor otağı, sinif otaqları, tibb otağı, idman zalı, 2 geyinib-soyunma otağı, idman müəlliminin otağı, bufet, texniki işçilərin otağı, mühafizə otağı və sanitar qovşaqlar yerləşir.
Binanın 2-ci mərtəbəsində müəllimlər otağı, təlim-tərbiyə işləri üzrə direktor müavinin otağı, sinif otaqları, fizika, kimya, biologiya, informatika və hərbi kabinet, qızlar və oğlanlar üçün ayrılıqda xidmət edəcək 2 texnologiya otağı və sanitar qovşaqları yerləşir. Məktəbdə ümumilikdə 32 sinif otağı, iclas zalı, kitabxana və idman zalı var.