Sentyabrın 16-da Beyləqan rayonu Kəbirli kənd M. Fərzəliyev adına 1 nömrəli tam orta məktəbin binasının əsaslı təmirdən və əlavə tədris korpusunun inşasından sonra açılış mərasimi keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçışı Əziz Əzizov, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev, Mil-Muğan Regional Təhsil idarəsinin Beyləqan rayonu üzrə Təhsil sektorunun müdiri Elvin Abbasov, məktəbin müəllimləri, şagirdlər və valideyinlər iştirak edib.
Açılış mərasimdə çıxış edənlər məktəb binasının əsaslı təmir olunması və əlavə tədris korpusunun tikintisi ilə bağlı məktəb kollektivini təbrik edib, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan, aparılan islahatlardan, əldə olunan uğurlardan danışıblar.
Daha sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar, onlara məktəbin fəaliyyəti, əsaslı təmir olunan binanın tikintisi haqqında məlumat verilib.
Bildirilib ki, məktəbin əsaslı təmir olunan binası 504, əlavə tədris korpusu isə 320 şagird yerlikdir. Təhsil müəssisəsində 24 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, 2 informatika kabineti, 2 texnologiya otağı, məktəbəhazırlıq və çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 210 yerlik akt zalı, idman zalı və 144 yerlik yeməkxana var.
Məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirən qonaqlar sonda bir daha məktəbin müəllim-şagird kollektivini və valideynləri məktəbin əsaslı təmir olunması və əlavə tədris korpusunun inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.