İmişli rayonu Yalavac kənd İ. Səfərov adına tam orta məktəbin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edən Fərzəli Qədirov dövlətin təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində son illərdə görülmüş əhəmiyyətli işlər barədə və Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdən danışıb. O, bilidirib ki, yeni tədris ilinin əvvəlinə bölgələrdə yeni məktəb binaları istifadəyə verilib və bu məktəblərdə tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılmasına öz töhfəsini verəcək.
Sonra Rəşad Musayev təbrik nitqi ilə çıxış edərək region üzrə təhsil nailiyyətlərindən danışıb.
Sonra tədbir iştirakçıları tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, məktəb binası 624 şagird yerlikdir. Məktəbdə 24 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi hazırlıq kabineti, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalı, açıq idman meydançası yaradılıb. Təhsil müəssisəsi zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilib, məktəbin həyətyanı ərazisi yaşıllaşdırılıb, müasir işıqlandırma sistemləri qurulub.