24.09.2024

İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 saylı tam orta məktəbin yeni inşa olunmuş binasının açılış mərasimi keçirilib

Açılış mərasimində Heydər Əliyev Fondunun nümayəndəsi Cəmil Əliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, məktəbin adını daşıdığı şəhid Yusif Sadatxanovun atası Rəsul Sadatxanov, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər şagird və müəllimləri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində qazanılan uğurlardan, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsindən danışıblar. Göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıq ifadə edilib.

 

Tədbirdə şəhid atası Yusif Sadatxanov çıxış edərək yeni məktəb binasının ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib.

 

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

 

Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində 624 şagird yerlik məktəb yeni tədris ilindən şagird və müəllimlərin ixtiyarına verilib. 3 mərtəbəli 4 korpusdan ibarət məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbdə 29 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.


Açar sözlər: ,  ,  ,