23.09.2024

Beyləqan və İmişli rayonlarının məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Beyləqan və İmişli rayonlarının məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, idarənin müvafiq struktur bölmə rəhbərləri, ümumi, məktəbdənkənar təhsil müəssisələrinin direktorları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

Tədbir ötən tədris ilinin yekunları, 2024-2025-ci tədris ilinin fəaliyyət istiqamətləri və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunub.

 

Görüşdə Rabil Şahbazov Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinə aid təhsil müəssiələrində tədrisin təşkili ilə bağlı müvafiq əmrdən irəli gələn məsələlər barədə geniş məlumat verərək, direktorlara fəaliyyətlərində nəticəyönümlülüyü əsas götürməyi tövsiyə edərək, tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini bildirərək təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi və kommunikasiyası ilə bağlı tapşırıqlar verib.

 

Daha sonra keçən tədris ili üzrə IV və VI sinif monitorinq nəticələri, IX və XI sinif buraxılış imtahanın nəticələri, müsabiqə, olimpiada və digər yarışların nəticələri, orta ixtisas və ali məktəblərə qəbul barədə, həmçinin müəssisələrdə vətəndaş məmnunluğunun təmin olunması, korrupsiya ilə bağlı hüquqpozmalar və onların həlli istiqamətində görülən nəzarət tədbirləri ilə bağlı məsələləri də müəssisə rəhbərlərinin diqqətinə çatdıraraq, yeni tədris ilində təhsil müəssisələrinin qarşısında duran vəzifələr və hədəfləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

 

Sonra bağçalara, məktəbəhazırlıq qruplarına, birinci siniflərə uşaqların qəbulu, şagird yerdəyişməsi, məktəblərdə tətbiq olunan layihələrin genişləndirilməsi, dərsdənkənar məşğələlərin və dərnəklərin təşkili, pedaqoji və texniki işçilərlə əmək münasibətlərinin tənzimlənməsi və b. məsələlərlə bağlı idarənin müvafiq struktur bölmə rəhbərləri məlumat verərək bu istiqamətdə müzakirələr aparılıb. Təhsil müəssisələrinin illik və çoxillik spesifik fəaliyyət planlarının tərtibi və işlənmə mexanizmlərinin, həmçinin fəaliyyət planı üzrə hesabatların hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

 

Sonda müəssisə rəhbərlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,  ,  ,