Tədbir iştirakçıları əvvəlcə Sabirabad şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Sabirabad rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev əlamətdar gün münasibətilə təhsil işçilərini təbrik edib, xoş arzularını çatdırıb. Keçən tədris ilində Mil-Muğan RTİ üzrə Respublika fənn olimpiadasında, Qərbi Azərbaycana Qayıdış olimpiadasında və başqa müsabiqə və yarışlarda qazanılan uğurlarda müəllimlərimizin böyük əməyi olduğunu vurğulayaraq, Prezident cənab İlham Əliyevin təhsilimizə göstərdiyi diqqət və qayğısından danışaraq, ölkəmizdə, o cümlədən regionumuzda bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatla təchiz edildiyini qeyd edərək, təhsil işçiləri adından ölkə rəhbərinə minnətdarlığını bildirib.
Şagirdləri IX sinif buraxılış imtahanıında yüksək nəticə göstərən, həmçinin şagirdləri müxtəlif müsabiqə və yarışlarda qalib olan regionun bir qrup müəllimləri Elm və Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən "Qabaqcıl təhsil işçisi döş nişanı" və "Fəxri fərman"la təltif olunması, cənab nazirin müəllimlərimizin əməyinə, təhsilin inkişafına göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulayıb.
Tədbirdə çıxış edənlər Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarının timsalında regionun bütün müəllimlərini təbrik ediblər, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonra təhsil işçiləri çıxış edərək Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırdılar, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışıblar. Təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.