08.10.2024

BilBacar müsabiqəsi ilə bağlı görüş keçirilib

BilBacar müsabiqəsi ilə bağlı Beyləqan və İmişli rayonlarının ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri və müsabiqə üzrə məktəb koordinatorları ilə görüş keçirilib.

 

Görüşdə iştirak edən Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov müsabiqə ilə bağlı məlumat verərək bildirib ki, BilBacar müsabiqəsi Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Müsabiqədə respublikanın bütün ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdləri iştirak edəcəklər.

 

Müsabiqənin ilk mərhələsi virtual platforma üzərindən 2024-cü ilin oktyabr ayından 2025-ci ilin may ayınadək keçiriləcək. İkinci mərhələnin isə 2025-ci ilin iyun ayında əyani formada keçirilməsi planlaşdırılır. Platformada ay ərzində aktiv olan “Hazırlıq” bölməsi şagirdlərin suallarla məşq edərək “Yarış”a hazırlığını təmin edəcək. Şagirdlər istənilən məkanda və müxtəlif zamanlarda kompüter, planşet və ya mobil telefon vasitəsilə daxil ola biləcəklər.

 

Hər iki bölmə üzrə (“Hazırlıq” və “Yarış”) ayrı-ayrılıqda şagirdlərə 60 sual (riyaziyyat-20 sual, oxu-20 sual, təbiət elmləri-20 sual) təqdim ediləcək. Onlayn mərhələ üzrə şagirdlərə təqdim ediləcək suallar hər ay yenilənəcək.

Müsabiqənin keçirilməsində məqsəd VIII-X sinif şagirdlərinin məktəbdə qazandıqları bilik və bacarıqlardan istifadə etmək qabiliyyətini inkişaf etdirmək və həmin bacarıqların real həyatda tətbiqinə sövq etməkdir.

 

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

 


Açar sözlər: ,  ,