Sabirabad şəhər 1 nömrəli tam orta məktəbdə yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Sabirabad rayon təhsil sektorunun, Sabirabad Rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-Siyasi və humanitar məsələr şöbəsinin müdiri Ceyran Xəlilova, rayon Polis şöbəsinin rəisi Ramin Qədirov, əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, ictimaiyyətin nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə çıxış edən Ramin Qədirov tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb. O, bu gün Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak etiklərini bildirib. Bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasının zəruriliyindən danışıb.
Sonra çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmində yaratdığı fəsadlardan danışıblar. Narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atıldığını qeyd ediblər. Həmçinin ölkəmiz narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər imzalandığını iştirakçıların diqqətinə çatdırıblar.
Sonunda “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.