28.10.2024

Saatlı rayonunun təhsil müəssisələrinin rəhbərləri ilə növbəti görüş keçirilib

Saatlı rayonu Qara Nuru kənd R. Səfərov adına tam orta məktəbdə keçirilən görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

Tədbir ötən tədris ilinin yekunları, 2024-2025-ci tədris ilinin fəaliyyət istiqamətləri və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr olunub.

 

Görüşdə Rəşad Musayev keçən tədris ili üzrə IV və VI sinif monitorinq nəticələri, IX və XI sinif buraxılış imtahanın nəticələri, müsabiqə, olimpiada və digər yarışların nəticələri, orta ixtisas, ali məktəblərə qəbul nəticələrindən və bir sıra cari məsələlərdən danışıb. Həmçinin məktəblərin son 3 ilin nəticələrinə və göstəricilərinə dair reytinqdən danışaraq, bildirib ki, zəif nəticələrin səbəbi araşdırmalı və bununla bağlı müvafiq addımlar atılmalıdır.

 

O, müəssisə rəhbərlərinə fəaliyyətlərində nəticəyönümlülüyü əsas götürməyi tövsiyə edərək, təhsil müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, vətəndaş məmnunluğu, şagirdlərin davamiyyəti, ümumilikdə tədris prosesi və kommunikasiyası ilə bağlı tapşırıqlar verib, yeni tədris ilində təhsil müəssisələrinin qarşısında duran vəzifələri və hədəfləri görüş iştirakçılarının diqqətinə çatdırıb.

 

Rəşad Musayev ümumi təhsil müəssisələri arasında qarşılıqlı əməkdaşlığın qurulması və bunun təhsilin keyfiyyətinin artırılmasında mühüm rol oynacağından danışıb. Müəssisələrdə vətəndaş məmnunluğunun təmin olunması, korrupsiya ilə bağlı hüquqpozmalar və onların həlli istiqamətində görülən nəzarət tədbirləri ilə bağlı məsələləri də müəssisə rəhbərlərinin diqqətinə çatdırıb.

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Altun Rəcəbli görüşə onlayn qoşularaq "Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar"dan danışıb. O, təhsil müəssisələrində baş verən xüsusi hallarda operativ məlumatların çatdırılması, təcili tədbirlərin görülməsi və müəssisə rəhbərlərinin məsuliyyətləri barədə tədbir iştirakçılarına geniş məlumat verib.

 

Sonra bağçalara, məktəbəhazırlıq qruplarına, birinci siniflərə uşaqların qəbulu, şagird yerdəyişməsi, məktəblərdə tətbiq olunan layihələrin genişləndirilməsi, dərsdənkənar məşğələlərin və dərnəklərin təşkili, pedaqoji və texniki işçilərlə əmək münasibətlərinin tənzimlənməsi və b. məsələlərlə bağlı idarənin müvafiq struktur bölmə rəhbərləri məlumat verərək bu istiqamətdə müzakirələr aparılıb.

 

Təhsil müəssisələrinin illik və çoxillik spesifik fəaliyyət planlarının tərtibi və işlənmə mexanizmlərinin, həmçinin fəaliyyət planı üzrə hesabatların hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

 

Sonda müəssisə rəhbərlərinin fikirləri dinlənilib, əməkdaşlığın gücləndirilməsi və təhsilin keyfiyyətinin artırılması istiqamətində birgə fəaliyyətin vacibliyi bildirilib.


Açar sözlər: ,  ,