Saatlı rayon təhsil sektrounun, Saatlı Rayon Polis Şöbəsinin və Saatlı Rayon Mərkəzi Xəztəxanasının təşkilatçılığı ilə rayonun Sarıcalar kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Maarifləndirici tədbirin keçirilməsində məqsəd məktəblərdə yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması və narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması olub.
Tədbirdə Saatlı RPŞ-nin rəisi, polis polkovniki Hikmət Vəliyev, Saatlı rayonu təhsil sektorunun müdiri Günay Sultanova, Saatlı RMX-nın direktoru Pərvin Məmmədov iştirak ediblər.
Görüşdə çıxış edən Hikmət Vəliyev “ağ ölüm” kimi tanınan narkomaniyanın insan sağlamlığı üçün yaratdığı problemlərdən danışıb. O, mövzu ilə bağlı ətraflı məlumat verərək, zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən qətiyyətli tədbirlərin həyata keçirildiyini qeyd edib.
Sonra çıxış edənlər narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmində yaratdığı fəsadlardan danışıblar. Narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atıldığını qeyd ediblər.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.