06.11.2024

"Qarabağa gedən yol" adlı rəsm müsabiqəsinə yekun vurulub

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagirdləri arasında 8 Noyabr - Zəfər Gününə həsr edilən "Qarabağa gedən yol" adlı rəsm müsabiqəsinə yekun vurulub.

 

Müsabiqənin keçirilməsində məqsəd şagirdlər arasında vətənpərvərlik ruhunu möhkəmləndirmək, milli-mənəvi dəyərlərə hörmət hissini aşılamaq, istedadlı şagirdləri üzə çıxarmaqdan ibarət olub.

 

Tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Rəşad Musayev 44 gün davam edən və 8 noyabr tarixində əbədi və əzəli Azərbaycan torpaqlarının geri alınması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsinin xalqımızın iftixar və qürur mənbəyi olduğunu vurğulayaraq, şagirdlərimizin belə müsabiqələrdə fəal iştirakını təqdirəlayiq hal olduğunu bildirib.

 

Digər çıxış edənlər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə örnək olduğunu bildirərək, həmin dövrü şagirdlərin gözü ilə rəsmlərdə canlandırılması, onlarda vətənpərvərlik ruhunun yüksək olduğunun bariz nümunəsi olduğunu bildiriblər.

 

Mil-Muğan RTİ-nin təşkil etdiyi "Qarabağa gedən yol" adlı rəsm müsabiqəsinin yekununda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə keçirilən rayon turlarının I, II, III yerlərinin qalibi olmuş şagirdlərin rəsmlərinə baxış keçirilib.

 

Beyləqan rayonu Birinci Şahsevən kənd G. Əsədov adına 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Məmmədli Gülay Fazil qızının çəkdiyi rəsm I yerə, Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Kərimli Gülnar Aqil qızının çəkdiyi rəsm II yerə, İmişli şəhər 3 nömrəli tam orta məktəbin VI sinif şagirdi Cəfərzadə Nuray Niyaməddin qızının çəkdiyi rəsm isə III yerə layiq görülüb.

 

Müsabiqədə yer qazanan rəsmlərin müəllifləri və fəal iştirakçılar diplom ilə təltif olunublar.

 

Müsabiqədə iştirak etmiş şagirdlərimizi təbrik edir və uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,