Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək aralıq imtahanına sənəd qəbulu başlayır.
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərin sənəd qəbulu 16 noyabr 2024-cü il tarixdən - 03 dekabr 2024-cü il tarixədək həyata keçiriləcək.
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri Mil-Muğan Regional Təhsil İdarəsinin rayonlar üzrə təhsil sektorlarına təqdim edə bilərlər:
1.Məktəb direktorunun adına ünvanlanmış ərizə. Ərizədə aralıq imtahanının hansı təhsil pilləsi üzrə verəcəyini, əsas xarici dil hansı fənn olacağını (İngilis dili, rus dili, fransız dili, alman dili), hansı bölmə üzrə imtahan verəcəyini (Azərbaycan və ya rus) əlaqə nömrəsini, faktiki yaşadığı ünvanı qeyd edilməlidir;
2.Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
3.Fotoşəkil (3x4 ölçüdə - 2 ədəd);
4.Yaşayış yerindən arayış;
5.Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notarial qaydada təsdiq olunmuş surəti;
6.Müraciətçinin əvvəllər təhsil aldığı müəssisədən əldə etdiyi təhsildən yayınma səbəbi, tədris ili və təhsil aldığı müddətdə keçdiyi əsas xarici dil göstərilməklə arayış;
Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 18-dən aşağı olmamalıdır.
İmtahan Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, informatika, xarici dil, fizika, kimya, biologiya, coğrafiya, Azərbaycan tarixi, ümumi tarix fənlərindən olmaqla, sual sayı hər bir fənn üzrə 10 sualdan ibarət olacaqdır. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verəcəklər.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Eksternat imtahanlarında (aralıq imtahanında) uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.
Aralıq imtahanları Sabirabad və Saatlı rayonları üzrə 21 dekabr 2024-cü il tarixdə Sabirabad şəhər 8 nömrəli tam orta məktəbdə, İmişli və Beylaqan rayonları üzrə isə 22 dekabr 2024-cü il tarixdə İmişli şəhər 7 nömrəli tam orta məktəbdə keçiriləcək.