Beyləqan rayon təhsil sektorunda rayonun ümumi təhsil müəssisələrinin IV və VI siniflərində ötən tədris ilində keçirilmiş monitorinqlərin, IX və XI siniflərin buraxılış imtahanlarında aşağı nəticə göstərən məktəblərin nəticələrinin təhlilinə həsr olunmuş görüş keçirilib.
Görüşdə Beyləqan təhsil sektorunun müdiri Elvin Abbasov, metodik kabinetin müdiri Həsən Məmmədov, məktəb rəhbərləri, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil müəllimləri, I və IV siniflərin sinif rəhbərləri iştirak edib.
Görüş zamanı monitorinqlərin və buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair təqdimat nümayiş olunub.
Görüşdə çıxış edən Elvin Abbasov tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən, məktəblərin yeni tədris ilində fəaliyyət istiqamətlərindən və şagirdlərin biliyinin düzgün qiymətləndirilməsinin vacibliyindən danışıb. O, buraxılış imtahanlarında şagirdləri aşağı nəticə göstərən məktəblərin nəticələrinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.
Həsən Məmmədov buraxılış imtahanlarının nəticələrinin daha da yaxşılaşdırılması ilə bağlı işlərin sürətləndirilməsindən, bu istiqamətdə qarşıya çıxan problemlər və onun həlli yollarının aradan qaldırılmasına dəstək veriləcəyindən danışıb.
Monitorinq və buraxılış imtahanlarında qeyri-müvəffəq nəticə göstərən şagirdlərin uğursuzluqlarının səbəblərinin araşdırılması və bununla bağlı perspektiv planların hazırlanması ilə bağlı görüş iştirakçılarına tapşırıqlar verilib.
Sonda direktorları və müəllimləri maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.