İmişli rayon təhsil sektorunda rayonun ümumi təhsil müəssisələrinin IX və XI siniflərinin buraxılış imtahanlarının, IV və VI siniflərində ötən tədris ilində keçirilmiş monitorinqlərin nəticələrinin təhlilinə həsr olunmuş görüş keçirilib.
Görüşdə İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov, sektorun əməkdaşları, məktəb rəhbərləri, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil müəllimləri, IV və VI siniflərin sinif rəhbərləri iştirak ediblər.
Görüş zamanı monitorinqlərin və buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair təqdimat nümayiş olunub.
Görüşdə 2024-2025-ci tədris ilində məktəblərin fəaliyyət istiqamətlərindən, şagirdlərin biliyinin düzgün qiymətləndirilməsindən və məktəblərdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən işlərdən danışıblar.
IX və XI sinif buraxılış imtahanlarında, IV və VI siniflər üzrə keçirilən monitorinqlərdə, şagirdləri aşağı nəticə göstərən, həmçinin nəticələri hər tədris ili aşağı düşən məktəblərin nəticələrinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün məktəb rəhbərlərinə tapşırıqlar verilib.
Monitorinq və buraxılış imtahanlarında qeyri-müvəffəq nəticə göstərən şagirdlərin uğursuzluqlarının səbəblərinin araşdırılması və bununla bağlı perspektiv planların hazırlanması ilə bağlı tapşırıqlar verilib və iki aydan bir hesabatların təqdim olunmasının vacibliyini bildirilib.
Sonda direktorları və müəllimləri maraqlandıran suallara cavab verilib, sözügedən məsələlərlə bağlı müvafiq təkliflər səsləndirilib.
Qeyd edək ki, məktəb nəticələrinin müzakirəsinə dair görüşlərin digər sektorlarda da davam etdirilməsi nəzərdə tutulur.