06.12.2024

Məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə İmişli şəhər 7 nömrəli tam orta məktəbdə görüş keçirilib.

 

Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, idarənin müvafiq struktur bölmə rəhbərləri və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

İdarə müdiri Rəşad Musayev görüşdə çıxış edərək məktəbəqədər təhsildə keyfiyyətin daha da yaxşılaşdırılması və heyətin peşəkarlığının artırılması, idarəetmədə olan yeniliklərə bağlı ətraflı məlumat verib. O, məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesinin mövcud təlimatlara uyğun icra olunması, tədris proqramlarının tələblərinə əməl olunması, uşaqların davamiyyəti, normativ hüquqi sənədlərin işlənilməsi və qarşıda duran hədəflər barədə tapşırıqlar verib.

 

Görüşdə çıxış edənlər məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat, təminat, təchizat, müəssisələrin maddi-texniki bazasının mövcud vəziyyəti, təmiri, təhlükəsizlik, istilik və digər məsələlərlə bağlı tövsiyələrini bildiriblər.

 

Görüşdə məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinin təmin olunmasının vacibliyi qeyd olunub. Müəssisələrin qida təhlükəsizliyi qeydiyyatının aparılmasının və gigiyenik qaydalara əməl edilməsinin zəruri olduğundan danışılıb. Eyni zamanda, müəssisələrin qida bloklarında çalışan işçi heyətinə dair tələblərin və gigiyenik şərtlərin yerinə yetirilməsinin vacibliyi qeyd edilib.

 

Görüşdə iştirakçıların fikirləri və təklifləri dinlənilib, sualları cavablandırılıb.


/ 13