Sabirabad rayonu Qalağayın kənd tam orta ümumtəhsil məktəbində keçirilən hesabat konfransında Mil-Muğan RTİ-nin müdiri Rəşad Musayev, RTİ-nin əməkdaşları, Sabirabad, Saatlı, İmişli, Beyləqan rayon təhsil sektorlarının rəhbərliyi, məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar müəssisələrin rəhbərləri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hesabat məruzəsi ilə çıxış edən Rəşad Musayev 2024-cü ilin regionumuzda təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini bildirib. Dövlətimizin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində məktəblərdə tətbiq olunan “Rəqəmsal bacarıqlar”, STEAM, Peşə təmayüllü siniflər, "İnklüziv sinif", "İcma əsaslı məktəbəhazırlıq qrupları" və başqa layihələrin məktəblərdə uğurla həyata keçirilməsi barədə məlumat verib.
O, təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərin və müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilməsini təhsilmizin inkişafına xidmət edən amillərdən olduğunu bildirib. İstedadlı uşaqlarla iş sahəsində görülmüş işlərdən danışan Rəşad Musayev fənn olimpiadasında və müxtəlif bilik yarışlarında, müsabiqələrdə məktəblilərin qazandıqları uğurlar barədə ətraflı məlumat verib. Potensial imkanları ilə fərqlənən istedadlı uşaqlarla aparılan işlərin gücləndirilməsi, yeni fəaliyyət mexanizmlərinin yaradılmasından, qarşıya qoyulmuş hədəfə çatmaq üçün tədbirlərin sistemli həyata keçirilməsindən, mövcud problemlər və onların həlli istiqamətində atılan zəruri addımlardan, nəzərdə tutulan məsələlərdən və 2025-ci ilin əsas hədəflərindən danışıb.
Rəşad Musayev təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.
Tədbirdə çıxış edənlər təhsil müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyətindən danışıblar, müəllimlərin və şagirdlərin qazandıqları uğurları tədbir iştirakçıları ilə bölüşüblər.
Tədbirin sonunda təhsilin inkişafındakı xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə bir qrup təhsil işçilərinə, müxtəlif bilik yarışlarında və müsabiqələrdə qalib olmuş şagirdlərə Mil-Muğan RTİ-nin fəxri fərmanı, hədiyyələri təqdim olunub.