31.01.2025

Müəllimlər və şagirdlərlə görüş keçirilib.

Respublika fənn olimpiadalarının yarımfinal turunda iştirak edəcək şagirdlərlə görüş keçirilib. Beyləqan rayonunda keçirilən görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov, Beyləqan rayon təhsil sektorunun müdiri Elvin Abbasov və rayon üzrə Respublika fənn olimpiadalarının yarımfinal turunda iştirak edəcək şagirdlər, onlara həmin fənlər üzrə dərs deyən müəllimlər iştirak ediblər.

 

Tədbirdə Mahir Zahidov çıxış edərək olimpiadada suallara düzgün yanaşma qaydaları, olimpiadanın şagirdlərin məntiqi - təfəkkür qabiliyyətinin inkişafında əhəmiyyəti, ötən il olimpiadanın yarımfinal mərhələsində ayrı - ayrı fənlər üzrə keçid balları barədə şagirdləri məlumatlandırıb. Olimpiadada zirvəyə gedən yolun çətinliyi, məsuliyyəti və uğurun gərgin əmək sayəsində əldə olunmasının mümkünlüyünü bildirib.

 

Fənn müəllimlərinə olimpiadanın müvafiq fənlərə uyğun proqramı ilə şagirdləri tanış etməyi tövsiyə edib. Fənlər üzrə ötən illərin yarımfinal və final mərhələlərinə aid tapşırıqların izah edilməsi, bununla bağlı müvafiq işlərin görülməsini tapşırıb.

 

Tədbirdə müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, Respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların potensial imkanlarını inkişaf etdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir.


Açar sözlər: ,  ,