İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində valideyinlərlə maarifləndirici görüş keçirilib.
Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov və rayonun ümumtəhsil məktəblərinin IX-X siniflərində təhsil alan şagirdlərin valideynləri iştirak edib.
Görüşdə Mahir Zahidov çıxış edərək Mil-Muğan RTİ-si üzrə son üç ildə şagirdlərin buraxılış imtahanlarının nəticələri və məzunların ali məktəblərə qəbulları ilə bağlı aparılmış təhlilləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, İmişli şəhər ümumtəhsil məktəblərinin birində yaradılması nəzərdə tutulan, yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə fəaliyyət göstərəcək məktəbdə tədrisin təşkili və tam orta məktəbin (High School) əhəmiyyəti barədə danışıb. O, məktəbin yenidən təşkilində məqsədin ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlər üçün daha keyfiyyətli təhsil imkanlarının yaratmaq və onların inkişafı üçün əlverişli sosial-psixoloji mühitin formalaşdırılması olduğunu bildirib.
Mahir Zahidov məktəbdə tədris prosesinin şagirdlərin maraqlarına uyğun olaraq, təmayül tədris planları əsasında təşkil olunacağını bildirib. Məktəbdə tədris planının şagirdlərin dərinləşdirilmiş biliklərə yiyələnməsinə, seçdikləri ixtisasa daha yaxşı hazırlanmasına kömək etməsinə hədəfləndiyini, tədris prosesini həyata keçirən pedaqoji heyətin daha təcrübəli və peşəkar müəllimlər olacağını qeyd edib.
Sonda valdeyinləri maraqlandıran suallar cavablandırılıb və sual doğuran məqamlara aydınlıq gətirilib.