İmişli Olimpiya İdman Kompleksində keçirilən tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayon təhsil sektorunun müdiri Kərim Kərimov, müəllimlər və şagirdlər iştirak ediblər.
Öncə İmişli Olimpiya İdman Kompleksinin həyətində şagirdlər tərəfindən müxtəlif idman oyunları nümayiş olunub.
Sonra tədbirdə çıxış edənlər Bədən Tərbiyəsi və İdman Günü münasibətilə şagirdləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıblar. Bildirilib ki, prezident cənab İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib.
Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Prezident cənab İlham Əliyevin idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları bunun əyani sübutudur.
Sonda şagirdlər idman sahəsində əldə etdikləri nailiyyətlərə görə fəxri fərmanlarla təltif olunublar.