11.03.2025

“Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik sistemində konstitusiya hüququ” mövzusunda seminar keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin inzibati binasında “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin siyasi idarəçilik sistemində konstitusiya hüququ” mövzusunda seminar keçirilib.

 

Sabirabad Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə təşkil olunmuş tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının imzaladığı Sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir.

 

Həsən Həsənov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın qəbul olunmasına zərurət yarandı. Bu məqsədlə də 1995-ci ildə Ulu Öndər Heydər Əliyev başda olmaqla Azərbaycan Respublikasının yeni konstitusiya layihəsini hazırlayan xüsusi komissiya yaradılmış və Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verilmişdir.

 

Tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov qeyd etmişdir ki, Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb və öz ideallarına həmişə sadiq qalıb. 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30 ili tamam olacaq. Dövlətimizin başçısının Sərəncamı bu baxımdan da əlamətdardır.

 

Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsindəki müstəsna xidmətlərindən danışaraq, onun rəhbərliyi ilə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasını Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi istiqamətində atılan ən böyük addımlardan biri olduğunu vurğulayıblar.


Açar sözlər: ,  ,