Sabirabad rayonunda Mil-Muğan Regional Təhsil İdarəsinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirilib.
Bayram tədbirində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, şəhər sakinləri, məktəblilər iştirak ediblər.
Tədbir iştirakçıları cəngi sədaları altında müxtəlif idman növləri üzrə nömrələrə, şəhər ümumtəhsil məktəblərinin hazırladıqları Novruz atributlarına, milli mətbəximizin və geyimlərimizin nümunələrinə, əl işlərinə və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbirdə çıxış edənlər xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini tədbik ediblər, onlara möhkəm can sağlığı, xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıblar.
Novruz bayramının qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılmasının Azərbaycan xalqının tarixi keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirdiyini bildiriblər.
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsinin tarixi köklərə qayıdışın parlaq nümunəsi olduğunu diqqətə çatdırıblar.
Tədbirdə şagirdlər arasında “Xonça müsabiqəsi” keçirilib. Müsabiqədə Səməd Vurğun adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi I yeri, Hacı Zeynalabdin Tağıyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi II yeri, Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi isə III yeri tutublar. Qalib məktəblər dioplomlarla təltif olunublar.