“Şahin” hərbi-idman oyunu Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə qərarına əsasən təşkil edilir.
Yarışların açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, çağırışaqədərki hazırlıq fənninin tədrisini təkmilləşdirməkdən ibarətdir.
Tədbirdə çıxış edənlər "Şahin" hərbi-idman oyunun gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olduğunu, şagirdlərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə olunmasında, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin edilməsində, “Şanlı Zəfər” tariximizin təbliğ olunması məqsədi ilə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olduğunu bildiriblər və yarış iştirakçılarına uğurlar arzulayıblar.
Komandalar sıra hazırlığı, intellektual müsabiqə, çadırın qurulması, darağa patronun doldurulması, boşaldılması, avtomatın sökülməsi, yığılması və digər mərhələlər üzrə yarışıblar.
Beyləqan rayonu üzrə Namiq Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin komandası I yer, Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin komandası II yerin, Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin komandası isə III yeri tutub.
İmişli rayonu üzrə Habil Hüseynov adına Qızılkənd kənd tam orta ümumtəhsil məktəbi komandası I yeri, Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbin komandası II yeri, Şahin Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin komandası isə III yeri tutub.
Beyləqan rayonu Namiq Allahverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin komandası və İmişli rayonu Habil Hüseynov adına Qızılkənd kənd tam orta ümumtəhsil məktəbi komandası “Şahin” hərbi-idman oyunu üzrə respublika birinciliyinin zona mərhələsində Beyləqan və İmişli rayonlarını təmsil etmək hüququ qazanıblar.