09.04.2025

“Zəkaların mübarizəsi” olimpiadası keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Zəkaların mübarizəsi” olimpiadasının şahmat turniri üzrə region mərhələsi keçirilib.

 

“Zəkaların mübarizəsi” olimpiadası Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində təhsil alan IX-XI sinif şagirdləri arasında keçirilir.

 

Saatlı Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbində keçirilən Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Saatlı rayon təhsil sektorunun müdiri Günay Sultanova iştirak ediblər.

 

Öncə Ümümmilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra yarışı giriş sözü ilə açan Mahir Zahidov olimpiada iştirakçılarını salamlayıb və yarışın əsasnaməsi, keçirilmə qaydaları barədə məlumat verərək şagirdlərə uğurlar arzulayıb.

 

Olimpiadanın şahmat yarışında Mil-Muğan Regional Təhsil İdarəsi üzrə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından 5 nəfərdən ibarət 1 komanda (komanda üzvləri 3 oğlan və 2 qız olmaqla seçilib) iştirak ediblər.

 

FİDE qaydaları əsasında keçirilən şahmat turnirində Beyləqan rayon komandası I, İmişli rayon komandası II, Saatlı rayon komandası III və Sabirabad rayon komandası isə IV yeri tutublər.

 

Regional mərhələdə qalib olan Beyləqan rayon komandası paytaxt Bakıda keçiriləcək respublika mərhələsində Mil-Muğan Regional İdarəsini təmsil edəcək.

 

Olimpiadanın keçirilməsində məqsəd müxtəlif sahələrdə bilik və bacarığı ilə seçilən istedadlı gəncləri aşkar etmək, şagirdlərdə əməkdaşlıq, effektiv ünsiyyət, liderlik keyfiyyətləri, müzakirə mədəniyyəti, qərar vermə, komanda ilə işləmə, analitik və məntiqi düşünmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, onlar arasında sağlam rəqabət mühitini formalaşdırmaq və region gəncləri arasında ünsiyyət mühitini genişləndirməkdir.


Açar sözlər: ,  ,  ,