10.04.2025

Saatlı və Sabirabad rayonları üzrə “Bilbacar”, “Cerebry” layihələri tətbiq olunan ümumtəhsil məktəblərində təhsil alan şagirdlərlə maarifləndirici görüş keçirilib

Görüşdə Təhsil İnstitutunun əməkdaşı Aynur Rüstəmova, Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Mahir Zahidov iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər “BilBacar” müsabiqəsi haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, sözügedən müsabiqə Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. I mərhələsi virtual platforma üzərindən keçirilən müsabiqə 2024-cü ilin oktyabr ayından başlayıb və ümumilikdə 9 ay davam edərək 2025-ci ilin may ayında başa çatacaq. Müsabiqədə şagirdlər riyaziyyat, oxu və təbiət elmləri üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər. 2025-ci ilin may ayıında başa çatan müsabiqənin II mərhələsi iyun ayında əyani formatda keçiriləcək. Eyni zamanda II mərhələnin formatı, qaydaları və şərtləri barədə şagirdlərə ətraflı məlumat verilib.

 

Sonra “Cerebry” platformasının məktəblərdə tətbiqi ilə bağlı məsələlər müzakirə edilib. “Cerebry” platformasının müasir texnologiyalar vasitəsilə şagirdlərin fərdi inkişafını izləməyə və qiymətləndirməyə imkan verməsi, müəllimlərə şagirdlərin zəif və güclü tərəflərini müəyyən etməyə kömək etməsi, bununla da təlim prosesini daha effektiv və məqsədyönlü təşkil etməyə şərait yaratması iştirakçıların diqqətinə çatdırılıb. Platformanın istifadəsində əsas məqsədin şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə müxtəlif tipli səriştə əsaslı tapşırıqlarla rəqəmsal formada işləmək bacarığının artırılması, məktəbdə öyrəndikləri bilikləri həyata tətbiqetmə qabiliyyətlərinin inkişaf etdirilməsi və analitik düşüncə tərzlərinin gücləndirilməsi olduğu bildirilib. Layihənin təkcə elmi tədqiqatlar deyil, həmçinin sağlamlıq, loqika və təhsil sahələrində də güclü təsir potensialına malik olduğu qeyd olunub.

 

Sonda şagirdlərin çoxsaylı sualları cavablandırılıb və bəzi məqamlara aydınlıq gətirilib.


Açar sözlər: ,  ,