26.04.2025

“Günəşin səsiyəm mən” adlı xor müsabiqəsinin seçim mərhələsinə start verilib

Beyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi və Mil-Muğan Regional Təhsil İdarəsinin, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş rayonun V - XI sinif şagirdlərindən ibarət təşkil edilmiş kollektivlər arasında “Günəşin səsiyəm mən” adlı xor müsabiqəsinin seçim turuna başlanılıb.

 

Tədbirdə iştirak edən Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Suliddin Əsgərov, Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin Beyləqan rayonu üzrə nümayəndəsi Məhəmməd Qələndərov çıxış edərək ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində məqsədyönlü işlər görüldüyünü bildiriblər. İstedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin vacibliyindən danışıblar və şagirdlərə uğurlar arzulayıblar.

 

Tədbirdə Beyləqan şəhər Niyazi adına Uşaq Musiqi məktəbinin müəllimlərinin ifasında musiqi səsləndirilib. Sonra xor kollektivlərinin dinlənilməsinə başlanılıb. İlk turda münsiflər heyəti müsabiqəyə qatılmış 20 məktəbin xor kollektivinin 8-ni dinləyib. Növbəti günlərdə isə digər 12 kollektivin dinlənilməsi keçiriləcək.


Açar sözlər: ,  ,  ,  ,