09.05.2025

Beyləqanda qala-konsert və mükafatlandırma mərasimi keçirilib

Mil-Muğan Regional Təhsil İdarəsinin və Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı, Beyləqan rayon İcra Hakimiyyətinin dəstəyi ilə ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərindən təşkil olunmuş kollektivlər arasında keçirilən “Günəşin səsiyəm mən” adlı xor müsabiqəsinin qaliblərinin iştirakı ilə qala-konserti keçirilib.

 

Konsert çərçivəsində eyni zamanda ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri arasında iki yaş qrupunda keçirilən “Vətənim Azərbaycan” adlı rəsm müsabiqəsinin, həmçinin qalib gəlmiş xor kollektivlərinin mükafatlandırma mərasimi də keçirilib.

 

Qeyd edək ki, “Konstitusiya və Suverenlik ili”nə həsr olunan müsabiqənin məqsədi uşaq və yeniyetmələr arasında ərazi bütövlüyümüzə, suverenliyimizə və konstitusiyamıza diqqəti artırmaq, zəngin xor mədəniyyətini regionda daha da inkişaf etdirmək, ümumtəhsil məktəblərində musiqi fənninin tədris səviyyəsini yüksəltmək, eyni zamanda uşaqlarda kiçik yaşlarından estetik zövq formalaşdırmaq, milli musiqimizə və xor sənətinə, milli-mənəvi dəyərlərimizə və musiqimizə olan marağı artırmaqdır.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi yad edilib.

 

Sonra qalib xor kollektivləri öz çıxışlarını təqdim ediblər.

 

İfalardan sonra Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək bütün kollektivlərə nümunəvi iştiraklarına görə təşəkkürünü bildirib və qalibləri təbrik ediblər.

 

Sonda “Günəşin Səsiyəm Mən” xor müsabiqəsinin və “Mənim Azərbaycanım” rəsm müsabiqəsində I, II və III yeri tutan qaliblər təşkilatçılar tərəfindən fəxri fərmanla, digər iştirakçılar isə diplom və təşəkkürnamə ilə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,  ,