Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin VIII-X sinif şagirdlərinin iştirakı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual məktəb çempionatının region turu keçirilib.
Sözügedən bilik yarışının keçirilməsində əsas məqsəd təhsilalanların intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradılıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik təhsilalanları aşkar etmək və onların inkişaf etdirilməsinə şərait yaratmaqdır.
Sabirabad rayonu Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumi təhsil məktəbində keçirilən yarışda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə qalib olmuş 4 məktəb komandası iştirak edib.
Gərgin mübarizə şəraitində keçən bilik yarışının yekun nəticəsində Saatlı rayonunun “Birlik” komandası qalib olub. “Birlik” komandası Mil-Muğan Regional Təhsil İdarəsini çempionatın final turunda təmsil etmək hüququ qazanıb.