İyunun 18-dən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə start verilir.
Sertifikatlaşdırma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.
Sertifikasiya prosesində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 1071 nəfər müəllim iştirak edəcək.
Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Beyləqan şəhəri Fərman Hacıyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən sertifikatlaşdırmanın test imtahanı mərhələsində iştirak edən təhsilverənlərlə imtahan prosesindən əvvəl görüşüb. O, müəllimlərə uğurlar arzulayıb, onların öz bilik və bacarıqları ilə yüksək nəticələr əldə edəcəklərinə inandığını bildirib.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Onu da qeyd edək ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqdır.
Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcəkdir.
Sertifikatlaşdırmada iştirak edən bütün müəllimlərə uğurlar arzulayırıq!