Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bir sıra təhsili yerli idarəetmə bölmələrində 2024–2025-ci tədris ilinin yekunlarına həsr edilmiş hesabat tədbirləri təşkil olunur.
16 iyul tarixində Agentliyin direktoru Eşqi Bağırov Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları və bir qrup müəllimlər ilə ayrı-ayrılıqda görüş keçirib.
Görüşlər zamanı Mil-Muğan RTİ-si üzrə tədrisin keyfiyyəti, inzibati idarəetmənin təşkili, pedaqoji kadr potensialı, məktəb mühitində dayanıqlılıq, vətəndaş müraciətlərinə baxılması və onlarla işin təşkili kimi əsas istiqamətlər ətrafında geniş müzakirələr aparılıb.
Bununla yanaşı, tədbirlər zamanı tədrisin keyfiyyətinə təsir edən əsas amillər - şagird nailiyyətləri, müəllim fəaliyyətinin səmərəliliyi, məktəb rəhbərliyinin idarəetmə bacarıqları və cəmiyyətlə əməkdaşlıq kimi məsələlər qiymətləndirilib. Həmçinin məktəblərin texniki və metodiki təminatı, təhsildə rəqəmsallaşma səviyyəsi və innovativ yanaşmaların tətbiqi də müzakirə olunan əsas mövzulardan olub.
Qeyd edək ki, hər bir rayon üzrə statistik təhlil əsasında əldə olunan nəticələrlə hər bir təhsil müəssisəsinin dəstək ehtiyacları müəyyən olunur, MÜTDA və Regional İdarə tərəfindən yeni tədris ili üçün bu ehtiyacların qarşılanması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.