15.08.2025

İmişli rayonunun Oruclu kəndində təşkil olunmuş "Ailə tipli təlim qrupu"nda məşğələlər uğurla başa çatıb

Xatırladaq ki, "Ailə tipli təlim qrupları" ilə bağlı Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş qrant layihədə Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli şəhəri Şahin Məmmədov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi qalib olub. İmişli rayonunun Oruclu kəndində 8 nəfər məktəbəqədər təhsildən kənarda qalmış uşağı "Ailə tipli təlim qrupları"na cəlb edib.

 

2024-2025-ci tədris ili ərzində ailə tipli icma əsaslı məktəbəhazırlıq qrupunda planlaşdırılmış məşğələlər uğurla həyata keçirilib və nəzərdə tutulan məqsədlərə nail olunub. Qrupun əsas məqsədi məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafını təmin edərək onları məktəb təhsilinə hazırlamaq olub.

 

Tədris prosesi təsdiq edilmiş tədris planına uyğun təşkil edilib, uşaqların yaş xüsusiyyətləri və fərdi inkişaf səviyyələri nəzərə alınıb. Məşğələlərə oxu-yazıya ilkin hazırlıq, riyazi təsəvvürlərin formalaşdırılması, nitq inkişafı, yaradıcılıq və incəsənət fəaliyyəti, ətraf aləmlə tanışlıq, fiziki hərəkət və oyunlar daxil edilib.

 

Ailə tipli icmanın fəaliyyəti müddətində valideynlərin iştirakı və icma üzvlərinin dəstəyi təmin olunub, birgə tədbirlər və açıq məşğələlər təşkil edilib.

 

Ailə tipli icmada məşğələlərin yekunlaşması ilə əlaqədar olaraq qrup üzvlərinə və valideynlərə təşəkkürümüzü bildiririk, uşaqlara növbəti təhsil mərhələsində uğurlar arzulayırıq.


Açar sözlər: ,  ,