Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəsissələrinin təhsil işçilərinin sentyabr konfransı çərçivəsində panel müşavirələri keçirilib.
Panel müzakirələrində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) şöbə müdiri Turan Zəkəriyəyeva, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, Mil-Muğan RTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat fənlərini tədris edən fənn müəllimləri iştirak ediblər.
Müzakirələrdə regionun ümumi təhsil müəssisələrinin ötən tədris ili üzrə nəticələri, mövcud problemlər və onların həlli yolları, tədrisin keyfiyyətinin artırılması kimi məsələlər müzakirə olunub. Həmçinin təhsilalanlara rəqəmsal biliklərin aşılanması, dərsə davamiyyətin yüksəldilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, təlim-tərbiyə prosesində valideynlərin rolunun artırılması və digər istiqamətlər üzrə söhbətlər aparılıb.
Müzakirələr zamanı növbəti tədris ili üçün fəaliyyət planlarının hazırlanmasına dair təklif və tövsiyələr dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Panel müzakirələrinin keçirilməsində məqsəd ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, 2025-2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaq olub.