Təhsil sahəsində aparılan islahatların əsas hədəflərindən biri peşəkar və müasir tələblərə cavab verən müəllim kadrlarının hazırlanması, onların fəaliyyətində davamlı inkişafın təmin edilməsidir.
Bu məqsədlə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssislərində müddətsiz əsaslarla işə qəbul olunan müəllimlərə metodiki və pedaqoji dəstəyin göstərilməsi, şagirdlərlə düzgün ünsiyyətin qurulması, onların davranışlarının optimal şəkildə formalaşdırılması, valideynlərlə qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və təlim-tərbiyə prosesində peşəkarlığın artırılması ilə bağlı görüş keçirilib.
Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili işə yeni qəbul olunmuş müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Görüş çərçivəsində müəllimlərə şagirdlərlə düzgün ünsiyyətin qurulması yolları, şagird davranışlarının optimal şəkildə formalaşdırılması, fərdi yanaşmanın tətbiqi, müasir təlim strategiyaları və interaktiv metodlardan istifadənin əhəmiyyəti barədə ətraflı məlumat verib. Bununla yanaşı, valideynlərlə əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, məktəb-valideyn-şagird üçbucağının düzgün qurulmasının təlim-tərbiyə prosesində müstəsna rol oynadığını xüsusi olaraq qeyd edib. Təhsil müəssisələrində sağlam psixoloji mühitin yaradılması, müəllimlərin öz peşəkarlıq səviyyəsini daim artırması, həmçinin müasir informasiya-kommunikasiya texnologiyalarının dərs prosesində tətbiq imkanları ilə bağlı faydalı tövsiyələrini verib.
Görüş qarşılıqlı fikir mübadiləsi, praktiki təcrübələrin paylaşılması və müəllimlərin gələcək fəaliyyətinə istiqamət verəcək təkliflərin səsləndirilməsi ilə davam edib.
Sonda qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsi mütəmadi xarakter daşıyacaq. Müəllimlərin peşəkar inkişafına ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri və təcrübəli müəllimləri tərəfindən mentorluq ediləcək və bu da təhsilin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcəkdir.