Təhsil sistemində müasir metodik xidmətin təşkilini genişləndirmək, müəllimlərin peşəkar inkişafını təmin etmək və təhsilin keyfiyyətinin yüksəldilməsinə töhfə vermək məqsədilə həyata keçirilən “Müasir metodist” layihəsi çərçivəsində qalib müəllimlərlə görüş keçirilib.
Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli və və layihədə uğur qazanmış müəllimlər iştirak ediblər.
Tədbirdə layihənin əsas hədəfləri, müəllimlərin pedaqoji fəaliyyətində tətbiq olunan yeni yanaşmalar, innovativ təlim metodlarının təhsil prosesinə inteqrasiyası və həmçinin gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Metodistlərin təyin olunduqları məktəblərdə müəllimlərə metodik dəstək göstərmələri və dərslərin səmərəliliyinin artırılması üçün müasir təlim texnologiyalarından istifadəni təşviq etmələrindən danışılıb.
Tədbir iştirakçıları təhsil prosesində müasir metodlardan istifadənin əhəmiyyəti, müəllimlərin peşəkar inkişafına verdiyi töhfələr və şagirdlərin nailiyyətlərinə müsbət təsiri barədə fikirlərini bölüşüblər.
Seçilmiş müəllimlər layihə çərçivəsində qazandıqları təcrübələri paylaşaraq, gələcək fəaliyyətlərində əldə etdikləri bilikləri tətbiq etmək niyyətlərini bildiriblər. Onların uğurları digər müəllimlər üçün də nümunə kimi dəyərləndirilib.
Qeyd edək ki, 2025–2026-cı tədris ilindən layihəyə 11 nəfər yeni metodist qoşulacaq. Əvvəlki ildən artıq 2 nəfər fəaliyyət göstərdiyi üçün, bu il Mil-Muğan bölgəsində ümumilikdə 13 nəfər metodist fəaliyyət göstərəcək.