Tədbirdən öncə Mil-Muğan RTİ-nin rəhbərliyi və əməkdaşları Sabirabadda Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbirdə çıxış edən Mil-Muğan RTİ-nin müdir müavini Rabil Şahbazov bildirib ki, 27 sentyabr Azərbaycan xalqının yeni şanlı tarix səhifələrindən biridir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti müstəqil dövlətimizin qorunub saxlanılmasında həlledici rol oynayıb. Məhz bu möhkəm siyasi irs üzərində Prezident cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli addımlar, güclü ordu quruculuğu və xalq-ordu birliyi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq 30 illik işğala son qoyub. 2023-cü il 19 sentyabrda cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın tam suverenliyi bərpa olunub və dövlətimizin tarixində yeni mərhələ başlanıb.
Tədbirdə çıxış edənlər bildiriblər ki, işğal altında olan torpaqlarımız şəhidlərin qanı bahasına azad olunub və hər bir gənc bunu daim yadda saxlamalıdır. 27 Sentyabr – Anım Günü həm qürur, həm də məsuliyyət günüdür. Bu tarix xalqımızın mübarizlik, dözüm və şücaət simvoluna çevrilib və gənclərə milli dəyərlərə sadiqlik nümunəsi kimi aşılanmalıdır.
Sonda şagirdlər vətənə və şəhidlərə həsr olunmuş şeir kompozisiyaları ilə çıxış ediblər.