Mil-Muğan Regional Təhsil İdarəsinin və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər müəllimləri peşə bayramı münasibətilə təbrik edib, onların cəmiyyətin inkişafında, gənc nəslin vətənpərvər, bilikli və məsuliyyətli vətəndaş kimi formalaşmasında əvəzsiz rol oynadıqlarını vurğulayıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev müəllim əməyinə hər zaman yüksək dəyər verərək deyirdi: “Mən yer üzündə müəllim adından yüksək ad tanımıram.” Bu sözlər təkcə müəllim peşəsinə olan dərin hörmətin ifadəsi deyil, həm də bu peşəyə verilən strateji önəmin göstəricisidir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam və inkişaf etdirilməsi diqqətə çatdırılıb. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə müasir məktəb binalarının inşa olunmasından və müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlərin həyata keçirilməsindən danışıblar.
Sonda təhsilin inkişafında səmərəli fəaliyyətinə və gənclərin təlim-tərbiyəsində göstərdiyi xidmətlərə görə bir qrup fəal müəllim İmişli Rayon İcra Hakimiyyətinin başçısının fəxri fərmanı ilə təltif ediliblər.