İmişli rayonu İdris Səfərov adına Yalavac kənd tam orta ümumtəhsil məktəbində “Gənclər arasında narkomaniya, erkən nikah və zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Gənclər arasında narkomaniya, erkən nikah və zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda rayonun ümumi təhsil müəssiisələrində keçirilən maarifləndirici tədbirlər İmişli rayon təhsil sektorunun, İcra Hakimiyyətinin və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə çıxış edənlər narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlər, həmçinin bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə ətraflı məlumat veriblər. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ əlaqə təmin edən “802” çağrı xidmətinin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Çıxışlarda gənclərə pis vərdişlərdən və ətraflarında “ağ ölüm”ə düçar olan şəxslərdən uzaq durmaları tövsiyə olunub.
Sonra bildirilib ki, erkən nikah gənclərin təhsil və şəxsi inkişaf imkanlarını məhdudlaşdırır, onların gələcəkdə sosial problemlərlə üzləşməsinə səbəb olur. Həmçinin vurğulanıb ki, zərərli vərdişlər yalnız insan sağlamlığına deyil, həm də ailə və cəmiyyət həyatına mənfi təsir göstərir.
Tədbir mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.
Maarifləndirici tədbirlərin keçirilməsi gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomaniyanın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.