İmişli və Saatlı rayonlarında PISA-nın (Programme for International Student Assessment -Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) İqlim Savadlılığı sahəsi üzrə pilot mərhələnin şagirdlər arasında qiymətləndirilməsi keçirilib.
Xatırladaq ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (bundan sonra İƏİT) Azərbaycanın COP29-da irəli sürdüyü təşəbbüsdən sonra PISA-nın 2029-cu il dövrünə iqlim savadlılığının yeni səriştə əsaslı qiymətləndirilməsini daxil etməyi nəzərdən keçirir. İdeyanın təşəbbüskarı kimi Azərbaycan da bu mərhələdə 14-16 yaşlı şagirdlərlə iştirak edir. Qiymətləndirmə Beyləqan və Sabirabad rayonlarının şagirdləri arasında da keçiriləcək.
Qiymətləndirmə iki hissədən ibarətdir:
Şagirdlərin iqlim savadlılığını ölçən koqnitiv hissə;
Şagirdlərin müxtəlif iqlim məsələləri ilə bağlı yanaşma və davranışlarını ölçən sorğu hissəsi.
Onlayn keçirilən pilot mərhələ sualların məzmun uyğunluğunu və çətinlik dərəcəsini yoxlamaq məqsədi daşıyır.