10.10.2025

“Özümüzü kəsən qılınc” əsəri səhnələşdirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə 21 fevral 2025-ci il tarixində imzaladığı Sərəncama müvafiq olaraq Beyləqan rayonu Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin IX – XI sinif şagirdləri şairin “Özümüzü kəsən qılınc” əsərini tam olaraq səhnələşdiriblər.

 

Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili və Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli iştirak ediblər.

 

Xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri qədim türk xalqlarının tarixi keçmişini, zəngin dövlətçilik ənənələrini özündə əks etdirir. Burada türklərin minillik tarixi keçmişindən söz açılsa da, şair minilliklər əvvəl baş verən hadisələrə yeni təfəkkürlə yanaşmışdır. Başımıza gələn faciələri və onları doğuran səbəbləri məharətlə açıb göstərmişdir.

 

Tamaşadan sonra çıxış edən Bəhruz Nəbili tamaşanın yüksək səviyyədə göstərildiyini qeyd edərək şagirdləri təbrik edib, onlar üçün yaradılmış şəraitə görə məktəbin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Səhnə əsərinə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəqsanə Ağalıyeva və Beyləqan rayon Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının əməkdaşları quruluş veriblər. Böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin türk birliyinə səsləyən ideyalarını məharətlə çatdıran şagirdlərin oyunu izləyicilər tərəfindən maraqla qarşılanıb.

 

Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə onun əsərlərindən olan "Özümüzü kəsən qılınc" tamaşasının göstərilməsi böyük şairin irsinin təbliği və ədəbiyyatın gənclərə tanıdılması məqsədi daşıyır.


Açar sözlər: ,  ,  ,