10.10.2025

Hədəflər və fəaliyyət istiqamətləri ilə bağlı görüş keçirilib

2025-2026-cı tədris ilinin hədəfləri və fəaliyyət istiqamətləri ilə bağlı Beyləqan rayonunun ümumi təhsil və məktəbəqədər müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşdə yeni tədris ilində qarşıda duran əsas vəzifələr, strateji hədəflər, təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində görüləcək işlər, eləcə də tədris-tərbiyə prosesinin təşkilində innovativ yanaşmalar müzakirə olunub.

 

Tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri yeni tədris ilində ümumi təhsil müəssisələrində tədris prosesinin daha səmərəli təşkili, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkarlığının yüksəldilməsi, məktəb və bağçalar arasında əməkdaşlığın gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət yetirilməli olduğunu qeyd edib. Qarşıya qoyulan məqsədlərin reallaşdırılması üçün təhsil müəssisələrinin idarə edilməsində məsuliyyətli və təşəbbüskar fəaliyyətin vacibliyini bildirib. Eyni zamanda, şagird davamiyyətinin daim nəzarətdə saxlanılması, keyfiyyət göstəricilərinin yüksəldilməsi və təhsil müəssisələrinin fəaliyyətində məsuliyyətin artırılması istiqamətində müəssisələrin qarşısına konkret vəzifələrin qoyulduğundan danışıb.

 

O, 2025-2026-cı tədris ili üçün əsas hədəf - hər bir məktəbdə tədris keyfiyyətinin yüksəldilməsi, müəllim fəaliyyətinin nəticəyönümlü olması və şagird uğurlarının dayanıqlı şəkildə artırılması olduğunu diqqətə çatdırıb.

 

Eyni zamanda, məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial və emosional inkişafının dəstəklənməsi, inklüziv təhsilin genişləndirilməsi, valideynlərlə əməkdaşlığın yeni formalarının tətbiqi kimi mövzular da müzakirə olunub.

 

Sonda məktəb direktorları və məktəbəqədər müəssisələrin rəhbərlərinə yeni tədris ilində uğurlar arzulanıb və müvafiq tapşırıqlar verilib.


Açar sözlər: ,  ,